Translate

Cəmil Həsənli: “AXCP-dәn 8 aprel mitinqinin qisasını alırlar”

Cəmil Həsənli: “AXCP-dәn 8 aprel mitinqinin qisasını alırlar”
Bu gün AXCP sədri Əli Kərimli Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Başdan ayağa saxtakarlığın içərisində olan bir ölkənin baş prokurorluğu guya AXCP adından saxta sənədlərin verilməsi bağlı “faktlar” əldə edib və bu istiqamətdə araştırma işlərinə başlayıb. Əslində bu “araşdırmanın” anonsunu YAP icra katibinin müavini S. Novruzov vermişdi. Görün ölkədə qanunların qorunmasına, ona nəzarət funksiyasına cavabdeh olan bir orqan nə günə düşüb ki, YAP yetkilisi Novruzovun sözü ilə ölkənin aparıcı müxalifət partiyasının rəhbərliyinə qarşı olmayan bir məsələ ilə bağlı cinayət işi açır, partiya rəhbərliyin sorğu-suala çəkir.
Ofşor hesablarla bağlı gizlinlər açılandan biz Milli Şura olaraq ölkədən böyük vəsaitlərin çıxıarılıb Virjin adalarındakı hesablarda yerləşdirilməsi ilə bağlı araşdırmalara başlamaq haqqında Baş prokurorluğa yazılı müraciət etmişdik. Bir neçə ay öncə AŞPA-nın İtaliyadan olan deputatı Luka Valenteye Azərbaycan hakimiyyəti tərəfindən rüşvət verilməsi faktı ilə bağlı da ölkənin qanunlara baş nəzarət funksiyasını yerinə yetirən orqana müraciətimiz olub. Bir müddət öncə bəlli oldu ki, həmin rüşvət marşrutun həyata keçirən hakim ailəyə bağlılığı olam “Baktelekom MMC” yalnız bir təqvim ilində bir milyarda avro vəsaiti ofşorlardakı gizli hesablara keçirib və hələ bu azmış kimi həmin şirkət ödəmə qabiliyyətini itirdiyi üçün üstəlik 31 milyon manat vergi ödəməkdən də azad edilib. Bütün gözə girən bu faktları gözardı edib Baş prokurorluğun Gözəl Bayramlı və Əli Kərimlini ifadə verməyə çağırması çox gülünc və qərəzli görünür.
Yeri gəlmişkən bir həftə öncə Avropa insan haqları məhkəməsi 2010-cu ilin parlament seçkilərindəki pozuntularla bağlı qərarını elan edib. Həmin qərarda AXCP sədri, müavinləri, partiyanın rəhbərliyinə daxil olan bir neçə nüfuzlu şəxslər parlament seçkilərində qələbə çaldığı və yalnız seçkinin nəticələri saxtalaşdırıldığı üçün deputat mandatları əllərindən alındığı qeyd edilib. Bu saxtakarlıq əməlinə görə hakimiyyət cərimələnib və beynəlxalq məhkəmənin qərarı ilə onlara kompensasiya ödəməli olacaqdır. Bir anlığa diqqət yetirin Gözəl Bayramlı 2017-ci ildə Avropa məhkəməsinin qərarı ilə təsdiqlənən qələbəsi kimin üzərində olub? Saxtakarlıq nəticəsində onun qazandığı mandat YAP-ın İcra katibinə verilib. Deməli 600 min üzvü ilə öyünən YAP-ın İcra Katibinin adına sənədləşdirilən mandat 7 il sonra beynəlxalq məhkəmə tərəfindən Gözəl Bayramlıya məxsus olduğu təsdiq edildi və bu saxtakarlığa görə Azərbaycan hakimiyyəti cərimələndi. Bundan böyük daha hansı fakt olmalıdır ki, Baş prokurorluq nəhayət ki, ortada olan seçki cinayətini araşdırmağa başlasın.
Əli Kərimlinin parlament seçkilərində qələbəsi həm 2005, həm də 2010-cu ildə Avropa insan haqları məhkəməsi tərəfindən təsdiq edilib. Mandatı isə ayrılarına verilib. Mühacir arayışlarının ləpirinə düşməkdənsə, bundan AXCP-yə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdənsə bax beynəlxalq səviyyədə təsdiqini tapmış cinayət faktlarına qiymət verməlidir Baş prokurorluq. Bu gün hakimiyyəti narahat edən Əli Kərimlinin gecikmiş tarixə öz üstünlüyünü sübut etməsi deyil, başlıca narahatçılıq bütün bu basqılara, təqiblərə, böhtanlara rəğmən onun mübarizənin önündə olması, istənilən doğru – dürüst seçkidə xalqın etimadını qazanmaq potensialına, gücünə, iradəsinə və əzminə malik olmasıdır. Hakimiyyətin rahatlığını pozan da bax budur. 2005 və 2010-cu illərdə onun və Avropa məhkəməsi tərəfindən qələbəsi təsdiq edilmiş cəbhəçilərin xalqın səsini almalarının, etimadını qazanmalarının böyük siyasi mənası da bax bundadır.
Avropa məhkəməsinin 2005 və 2010-cu il seçkiləri haqqında qərarları göstərir ki, ən azı on il bir çox YAP funksinerləri və yandaşları seçkiləri qanuni şəkildə udmuş müxalifətçilərin yerində oturublar. Axı qanunların, o cümlədən seçki qanunvericiliyinə doğru – düzgün həyata keçirilməsinə məhz prokurorluq orqanları nəzarət etməlidir. On ildən çoxdur müxalifət partiyasının sədri xarici pasportdan qeyri-qanuni olaraq məhrum edilib. Avropa məhkəməsi bunun qanun pozuntusu olduğunu təsdiq edib və təcili olaraq Əli Kərimlinin xarici pasportunun verilməsi haqqında qərar çıxarıb və hələ bu qanunsuz əmələ görə hökuməti cərimələyib də, amma cəriməni verməkdə əliaçıqlıq edən hökumət aparıcı müxalifət partiyasının sədrini xarici pasportla təmin etmək işini bu günə kimi yubadır, öz əleydarlarına qarşı dövlətin resurslarından qeyri-qanuni yararlanır.
Əli Kərimliyi son 10-ildə hansı böhtanlar atılmadı? Bir vaxtlar Azərbaycan Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin zəhərlənməsində onu ittiham edib, prokurorluqda araşdırmaya başladılar. Beş ildir onun qaynını heç bir səbəb olmadan girov kimi həbsdə saxlayırlar. 2015-ci ilin noyabrında insan ölümü ilə nəticələnən Nardaran hadisələrini törədib Əli bəyin guya dövlət çevrilişinin “təşkilatçısı” olması barədə işgəncələr hesabına təsdiqləyici ifadələr almaq istəyirdilər. Hakimiyyətin Qarabağ siyasəti iflasa uğrayanda onun evinin qarşısında piketlər təşkil edib “Qarabağın çoxdan itirilmiş açarını” ondan tələb ediblər. Ötən ilin yayında hakimiyyət Fətulla Gülənlə olan iş birliyin Xalq Cəbhəsinin adına “sənədləşdirib” Əli Kərimlinin həbsinə zəmin hazırlayırdı. Bunlar hamısı iflasa uğradı. İndi də yapışıblar AXCP-yə və Əli Kərimliyə heç bir aidiyyəti olmayan mühacir vəsiqələrindən. Bu məsələ isə istintaqdan öncə iflasa uğrayıb. Çünki saxtakarlıq o qədər aydın şəkildə ortadadır ki, onu müəyyən etməyə hüquqşünas, istintaqçı olmağa elə bir zərurət yoxdur. Bunlar saxta sənədlərlə milyardları mənimsəməyi yaxşı bacarırlar. Amma o qədər qabiliyyətsizdirlər ki, az-çox əslinə bənzəyən saxta sənəd belə düzəldə bilmirlər.
Nədən indi yada düşdü bu mühacir vəsiqələri? Əlbəttə ki, mühacir vəsiqələri bəhanədir, 8 aprel mitinqinin araşdırılmasıdır bu dindirmə. Hakimiyyət cəmiyyəti şumladığın, kütləvi aksiyaların sosial bazasını məhv etdiyin, kütləvi həbs və təqiblərlə insanların gözünün odunu aldığını düşünürdü. Milli Şuranın 8 aprel aksiyası bu təsəvvürləri alt-üst etdi. Elə Əli Kərimli, Gözəl Bayramlı və partiyanın təşkilatı işlərə baxan digər şəxslərinin Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılması da məhz bununla bağlıdır.
Bir vaxtlar partiyada təşkilatlanma işinə böyük töhfə verən Həsən Kərimov haqqın dərgahına qovuşduqdan sonra partiyanın mitinq hazırlıqlarına Fuad Qəhrəmanlı başçılıq edirdi. Nardaran hadisələrinə heç bir əlaqəsi olmadığı halda, onu məhz cəmiyyətdən təcrid etmək, partiyanı zəiflətmək məqsədilə süni şəkildə bu işə caladılar. Partiyanın rəhbərliyində olan onlarca şəxslər saxta ittihamlarla hazırda həbs düşərgələrində saxlanılır. Fuad bəyin həbsindən sonra partiyanın kütləvi aksiyaya hazırlıq işlərinə Gözəl xanım Bayramlı baxır. Qurama vəsiqə işlərində onun istintaqa çağırılması da məhz 8 aprelin hakimiyyət üçün yaratdığı narahatlıqla bağlıdır.
Məsələ burasındadır ki, 8 apreldə aksiyaya çıxanların dairəsi hakimiyyətin indiki iflas siyasətinə rəğmən bizim gözlədiyimizdən az olsa da, hakimiyyətin gözlədiyindən çox idi. Son illərin bütün təqibləri, həbsləri, işgəncələri, çəkindirmələri, insanların qohumlarını girov götürmək kimi yaramaz əməllərindən, bazar gününü şənbəyə dəyişmək kimi “əməliyyatlarından” sonra onlar meydana bu qədər adam çıxacağını, siyasi məhbuslara belə dəstək veriləcəini, hakimiyyətin talançılıq, büdcə oğrluğu, korrupsioner siyasətinə belə əzmkarlıqla yox deyiləcəyini gözləmirdilər. İndi Əli Kərimlidən də olmayan saxta vəsiqələrin deyil, məhz bunun hesabı sorulur. Xalq Cəbhəsinə qarşı təqib və qarayaxma kampaniyasına yenidən strat verilməsi də bilavasitə bununla bağlıdır.